top of page

“İqlimə davamlı təcrübələr, dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi sahəsində qadın və gənclərin rolu” mövzusunda konfrans

Bakıda “İqlimə davamlı təcrübələr, dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi sahəsində qadın və gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Konfrans ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası, cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərin təşkili və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planına uyğun olaraq təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə baş tutan konfransda dövlət qurumları, assosiasiyalar və beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edib.

Konfransın əsas məqsədi indiyədək icra olunan layihələrdə iştirak etmiş qadın və gənc benefisiarlar arasında şəbəkələşmənin gücləndirilməsi, iqlimə davamlı və innovativ kənd təsərrüfatı təcrübələrinin təşviqində qadınların və gənclərin töhfələrini vurğulamaq və artırmaqdır.



Konfrans çərçivəsində “İqlim əsaslı kənd təsərrüfatı sahəsində qadın və gənclərin rolunun artırılması siyasəti”, “Su və torpaq idarəçiliyi” və “Daha yaxşı dünya üçün ağıllı fermer – Dayanıqlı kənd təsərrüfatı” mövzusunda panellər təşkil edilib.

“İqlim əsaslı kənd təsərrüfatı sahəsində qadın və gənclərin rolunun artırılması siyasəti” panelində çıxış edən Azərbaycanda Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, assosiasiya bu mövzuda 100-ə yaxın proqram və layihənin təşkilini həyata keçirib. Bundan əlavə olaraq kənd təsərrüfatı və qida sahəsində çalışan qadınların fəaliyyətinin təkmilləşdirilməsi üçün yeni layihələrə başlanılacağını da qeyd edib.

Kommentare


bottom of page