top of page

“Biznesdə Qadınların Gücü” adlı layihənin təqdimat mərasimi keçirilib.

AQSİA İdarə Heyətinin sədri və bir sıra üzvlər “Bakı KOB evi”ndə keçirilən və AQSİA-nın da tərəfdaş olduğu “Biznesdə Qadınların Gücü” adlı layihənin təqdimat mərasimində iştirak edib.


Yanvarın 30-da “Bakı KOB evi”ndə “Biznesdə qadınların gücü” layihəsinin təqdimatı keçirilib. Layihənin təşkilatçıları və tərəfdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva layihənin əhəmiyyəti və layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.


Qeyd edilib ki, “Biznesdə qadınların gücü” layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcək. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).


Tədbirdən sonra “Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları üçün ilk təlimlərə başlanılıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri tərəfindən qadın sahibkarlara kommunikasiya, liderlik, mübahisələrin idarə olunması və s. mövzularda məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva tərəfindən mentorluq təlimi keçirilib.



0 views
bottom of page