Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda keçirilən konfrans
Martın 2-də Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda keçirilən konfransda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların ölkənin iqtisadi baxımdan inkişafına göstərdiyi təsirlərdən bəhs edərək onların təhsil və elmdə təmsilçiliyinin vacibliyini vurğulayıb. Qızların təhsilinin Azərbaycandakı vəziyyətinə diqqət çəkən nazir ali təhsili qazana bilmək üçün kiçik yaşlardan müəyyən bilik bazasının formalaşdırılmasının önəmini qeyd edib.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların təhsilinə dəstək” layihəsinə diqqət çəkərək vaxtilə təsadüfdən yaranan bir ideyanın qısa müddət ərzində reallığa çevrilməsinin sevindirici olduğunu bildirib.

Komitə sədri layihənin başladığı dövrdə Dövlət Komitəsinin regionlarda fəaliyyət göstərən mərkəzləri vasitəsilə aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 11 qıza dəstək göstərildiyini vurğulayıb.
Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov qeyd edib ki, təhsilin inkişafı, eləcə də gender bərabərliyinin təmin olunması YAP-ın proqramında prioritet məsələ kimi qoyulub və bundan sonra partiya üzvü olan sahibkarların da bu prosesə daha aktiv cəlb olunması istiqamətində addımlar atılacaq.
Konfransın yekununda Təhsilin İnkişafı Fonduna ianə edən tərəfdaş qurumlara sertifikatlar təqdim edilib.