AQSİA-nın tərəfdaşı olduğu “Biznesdə qadınların gücü” layihəsi başa çatdı.
Üç qadın sahibkara biznes layihələrini inkişaf etdirmələri üçün 10 min manat həcmində maliyyə dəstəyi göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”un tərəfdaşlığı ilə qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi başa çatıb.

Layihənin yekunlarına həsr olunmuş tədbirdə müvafiq qurumların nümayəndələri və layihə iştirakçısı olan qadın sahibkarlar iştirak ediblər.
Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qadınların sahibkarlığın inkişafında mühüm rol oynadığını və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olduqlarını qeyd edib. Bildirilib ki, iqtisadiyyatın inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək Agentliyin fəaliyyət istiqamətlərindəndir.

Öz çıxışında AQSİA İH sədri Səkinə Babayeva layihənin əhəmiyyəti və layihə çərçivəsində qadın sahibkarlara göstərilən dəstək barədə fikrini bölüşüb və bu cür layihələrin digər qadınlar üçün də təşviqedici olduğunu bildirib.

Sonra Münsiflər Heyətinin qərarına əsasən seçilmiş 3 qadın sahibkarın adı açıqlanıb və onlara mükafatlar verilib.
Təqdim etdiyi layihənin inkişaf etdirilməsi üçün 1-ci yerin qalibi AQSİA üzvü, SM Fresh təsisçisi Maya Səbzəliyevaya 5000 manat, 2-ci yerin qalibi Mr.Bee şirkəti təsisçisi Fidan Kərimova 3000 manat və 3-cü yerin qalibi, AQSİA üzvü və “Tovuz Retail” təsisçisi Günel Məmmədhəsənovaya 2000 manat təqdim olunub.



Tədbir çərçivəsində qadın sahibkarların məhsullarından ibarət kiçik sərgi də təşkil olunub.
