11 aprel tarixində əməkdaşlığa dair memorandum imzalandı.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlığa dair memorandum imzalandı.

11 aprel tarixində ADNSU əsas korpusunda AQSİA İH sədri Səkinə Babayeva , ADNSU rektoru Mustafa Babanlı, universitetin işçi heyəti , AQSİA İH üzvü Sona Hüseynova və bir sıra qadın sahibkarların iştirakı ilə görüş keçirildi.
ADNSU rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun təşkilatçılığı ilə keçirilən görüşdə qonaqları salamlayan rektor, professor Mustafa Babanlı öncə universitetdə mövcud olan təhsil və tədris prosesindən söz açaraq müasir elmi və metodiki yanaşmaların tədrisdə geniş tədbiqindən danışıb. “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyi ilə əməkdaşlığın önəmini qeyd edən rektor xanım sahibkarlarla universitet əməkdaşlığının tələbələrimizin təcrübə və iş yerləri ilə təminatına da təsir edəcəyini bildirib.

“Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyinin sədri Səkinə Babayeva ölkədə qadın sahibkarlar üçün yaradılan şəraitdən danışıb. O bildirib ki, iqtisadiyyat və sahibkarlıq elm müəssisələri ilə əməkdaşlıq çərçivəsində daha yüksək nailiyyətlər əldə edə bilər. Bu mənada rəhbərlik etdiyi birlik ADNSU ilə əmkdaşlıqda maraqlıdır və bu həm gələcək uğurlu sahibkarların yetişməsində, həm də tələbə və məzunların işlə təminatında özünü göstərəcək.
Görüş zamanı gələcək perspektivlər, innovativ bizneslərə dəstək, dayanıqlı inkişaf və kadr potensialının artırılması, həmçinin rəqəmsal iqtisadiyyata keçidlə bağlı məlumatlar və qarşılıqlı təcrübənin bölüşməsi müzakirə edilmişdir.
