top of page

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İqtisadiyyatda qadın qüdrəti”

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İqtisadiyyatda qadın qüdrəti” mövzusunda tədbir keçirilib.


Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin qadınların ictimaiyyətdə rolu ilə bağlı fikirlərinin səsləndirdiyi videoçarx nümayiş edilib.



Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınını dəyanət və sədaqət rəmzi kimi dəyərləndirdiyini bildirib.

S.Babayeva vurğulayıb ki, respublikamızın əksər rayonlarında icra hakimiyyəti başçılarının müavinləri qadınlardır.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadiyyatda və məşğulluqda qadın sahibkarların rolu, eləcə də, agentliyin biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər barədə danışıb.



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qadınların iqtisadiyyatda rolunu yüksək qiymətləndirərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qadınının şücaəti təqdirəlayiqdir.



Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında qadınların rolu, Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadının rolunun yüksəldilməsinə və qadın sahibkarlığının inkişafına göstərdiyi diqqət barədə fikirlərini bölüşüblər.



Daha sonra bir qrup qadın sahibkar AQSİA və KOBİA-da uğurlu fəaliyyətinə görə mükafatlandırılıb.

Tədbirin bədii hissəsi nahar və musiqili şou-proqramla davam edib.




0 views